STRESİN HÜCEYRƏ MEXANİZMİ BARƏDƏ

 

STRESS – tosqun  hüceyrələrin fəaliyyəti ilə əlaqəli xəstəliklərin  (allergiya, Astma, qıcıqlanmış bağırsaq sindromu və s. )əmələ gəlməsində  və kəskinləşməsində mühüm faktordur. Tosqun hüceyrələrin stressə reaksiya göstərməsinin gerçək bir fakt olmasına baxmayaraq ,belə bir cavab reaksiyasının konkret mexanizmi indiyə qədər alimlər tərəfindən öyrənilməmişdir.

ABŞ-ın Miçiqan Universitetinin (Michigan State University) alimləri tərəfindən  stressin müəyyən tiplərinin tosqun hüceyrələrə  necə təsir etdiyinə və bu təsirlərə qarşı hüceyrələrin necə aktiv reaksiya göstərərək  ciddi xəstəliklər  yaratmasına  dair yeni məlumatlar əldə olunmuşdur.Tədqiqatın nəticələri “Leykotsitlərin biologiyası” jurnalında dərc edilmişdir (http://onlinelibrary.wiley.com/doi/10.1189/jlb.2HI0317-088RR/abstract).

Aparılmış tədqiqatlar göstərmişdir ki, CRF1 reseptoru (Corticotropin-releasing hormone receptor 1), tosqun hüceyrələrə siqnal göndərə və onların aktivliyinə təsir göstərə bilir. Belə ki, tədqiqatlar çərçivəsinədə alimlər iki fərqli stress halının (psixoloji və allergik) təsiri altında siçovullarda histamin reaksiyasını müqayisə ediblər. Adi qrupa daxil olan siçovulların tosqun  hüceyrələri normal sayda  CRF1 reseptorların, süni olaraq yetişdirilmiş siçovulların tosqun hüceyrələri isə aşağı səviyyədə  CRF1 reseptorlarına  malik olmuşdur.

Təcrübə göstərmişdir  ki, stresə məruz qalmış “normal” siçovullarda histaminin səviyyəsi  və xarakterik xəstəliklərin  yaranma tezliyi yüksək olduğu halda , az retseptorlara  malik olan siçovullarda histaminin səviyyəsi və müvafiq olaraq xəstəliklərin yaranma riski də aşağı  olmuşdur. Bundan əlavə, ikinci qrup siçovullar hər iki stress növünə yüksək dözümlülük göstərmişlər.

CRF1 reseptorları defisit olan siçovullar süni surətdə allergik  stressə məruz qaldıqda “normal” siçovullara nisbətən  54%  az, psixoloji stress vəziyyətində isə 63% daha az   xəstələnmişlər. Bu o deməkdir ki, bu tip reseptorlar müxtəlif stress faktorlarının yaratdığı bəzi xəstəliklərin meydana gəlməsində və inkişafında cox mühüm rol oynayır.

Bu tədqiqatın nəticələri astma, ekzema və dermatit kimi  digər geniş yayılmış xəstəliklərin, eləcə də qastrit, bronxit və qıcıqlanmış bağırsaq sindromunun   bəzi növlərinin  müalicə üsullarını radikal şəkildə dəyişdirə bilər. Alimlər hesab edirlər  ki, bu xəstəliklərdən əziyyət çəkən insanları müalicə etmək və onların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün tosqun   hüceyrələrin   reseptorlarına diqqət etmək lazımdır.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: