Son 15 ildə dünya üzrə gözlənilən ömür uzunluğunun orta göstəricisi beş il müddətinə artıb, lakin dünyada zəngin və yoxsul ölkələr arasında bu göstəricilər böyük fərqlə saxlanılır. Belə ki, Yaponiyada qadınların gözlənilən ömür uzunluğu 86,8 il, Syerra-Leonedə isə 50 ildir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu faktlar Dünya Səhiyyə Təşkilatının (DST) “Dünya səhiyyəsinin statistikası: davamlı inkişaf məqsədləri ilə bağlı monitorinq göstəriciləri” adlı hesabatında əks olunub.
Məruzədə bildirilir ki, 2000-ci ildən 2015-cu ilədək olan dövrdə gözlənilən ömür uzunluğu beş il müddətinə artıb. Bu, 1960-cı illərdən indiyədək qeydə alınan ən yüksək artım tempidir. Afrika qitəsində son illər ən nəzərəçarpacaq irəliləyişə nail olunub. Regionda malyariya ilə mübarizə sahəsində, o cümlədən İİV infeksiyasına qarşı görülən tədbirlər sayəsində gözlənilən ömür müddəti 9,4 il artıb və orta hesabla 60 yaş təşkil edir.
Hesabatda bildirilir ki, Rusiyada qadınlar arasında gözlənilən ömür uzunluğu 76,3 il, kişilərdə 64,7 il, Ukraynada isə müvafiq olaraq 76,1 və 66,3 ildir. Belarusda qadınlar orta hesabla 66, kişilər isə 78 il yaşaya bilirlər. Azərbaycanda gözlənilən ömür müddəti kişilər üzrə 69,6 il, qadınlarda isə təqribən 76 ildir.
Orta ömür uzunluğu 2015-ci ildə anadan olmuş insanlarda dünya üzrə 1,4 il təşkil edib. Lakin hər bir uşağın gələcəyi onun anadan olduğu yerdən asılıdır. Məruzədə bildirilir ki, yeni doğulan uşaqların gözlənilən orta ömür müddəti yüksək inkişaf etmiş 29 ölkədə 80 ildir. Afrikada Böyük Səhradan cənubda yerləşən 22 ölkədə isə bu göstərici 60 ildən azdır.
Qadınların ən yüksək orta ömür uzunluğu Yaponiyada (86,8 il), kişilər arasında isə İsveçrədə (81,3) qeydə alınıb. Dünyada ən aşağı göstəricilər hər iki cins üçün Syerra-Leonedədir. Burada orta hesabla qadınlar 50,8 il, kişilər 49,3 il ömür sürə bilirlər.