Məlumat verdiyimiz kimi 27 Fevral – 4 Mart tarixlərində İsveçrənin Davos şəhərində keçirilən və Azərbaycan nümayəndələrinin də iştirak etdiyi 33-cü Qastrointestinal Cərrahi Treyninq Kursları davam etməkdədir. Martın 3-ündə kursun fakültə üzvlərinin ümumi toplantısında Danimarka və Azərbaycanın nümayəndələrinin kursun yeni fakültə üzvləri seçilməsi barədə təklif irəli sürülüb. İnanırıq ki, 2 ildir bu kursların İnstruktor-Treyneri kimi fəaliyyət göstərən Azərbaycanlı Prof. Dr. Qurbanxan Müslümov bu nüfuzlu qurumun fakültə üzvü seçilməsi üçün həmkarlarından yetərincə dəstək ala biləcəkdir.
Bundan başqa Bakıda Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) nəzdində fəaliyyət göstərən ʼʼAlmazʼʼ Tibbi Treyninq Mərkəzi beynəlxalq statuslu mərkəz kimi tanınmışdır. Belə ki, Treyninq Mərkəzi bundan sonra təşkil edəcəyi bütün treyninqlər üçün ildə 1 dəfə olmaqla müraciət edərək CME kredit ala biləcək.
Qeyd etmək lazımdır ki, Tibbi Treyninq Kursları GAMCA nəzdində fəaliyyət göstərən “Almaz” Tibbi Treyninq Mərkəzinin əsas fəaliyyət formalarından biridir. Azərbaycanda tibb sahəsində ilk dəfə GAMCA tərəfindən təşkil olunan treyninq kurslarının əsas məqsədi tibbin müxtəlif sahələrində çalışan gənc həkimlər, rezidentlər və tibb tələbələrinə praktik vərdişlərin aşılanmasıdır.
Mərkəzin ilk tədbiri 7-11 mart 2012-ci il tarixlərində 3-cü Azərbaycan-Almaniya Cərrahiyə Günləri çərçivəsində təşkil olunmuşdur. O vaxtdan Mərkəzdə ildə 2 dəfə olmaqla mütəmadi şəkildə açıq və laparoskopik cərrahiyə üzrə treyninqlər keçirilir. Treyninqlər zamanı iştirakçılar ümumi və laporoskopik cərrahiyə, radiologiya, endoskopiya sahəsində adi tibbi vərdişlərlə yanaşı mürəkkəb cərrahi, invaziv, diaqnostik və digər müalicəvi texnikaları təcrübəli mütəxəssislərin köməkliyi ilə xüsusi simulyatorlar üzərində öyrənirlər.