Azərbaycanlı professor Rusiya cərrahlarına ustad dərsləri keçib

Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Endoskopik cərrahiyyə üzrə II beynəlxalq konfrans keçirilib.

Müasir cərrahiyyənin aktual sahəsi olan az invaziv texnologiyaların inkişafına həsr edilmiş konfransda rusiyalı cərrahlarla yanaşı, xarici ölkələrdən – Fransadan və Azərbaycandan dəvət olunmuş ekspert səviyyəli cərrahlar öz təcrübələrini dağıstanlı həmkarları ilə bölüşüblər.

Ekspert mütəxəssislər arasında azərbaycanlı alim – Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi cərrahiyyə kafedrasının professoru Qurbanxan Müslümov da olub.

“Canlı cərrahiyyə” formatında təşkil edilən konfransda ekspertlər yerli mütəxəssislər qarşısında canlı əməliyyatlar aparıb, ustad dərsləri keçiblər.

Azərbaycanlı cərrah toplantıda yoğun və düz bağırsaq xərçənglərinin müasir cərrahi müalicə üsulları – laparoskopik və laparotom taktika barədə məruzə oxuyub. Həmçinin alimin qida borusu xərçəngi zamanı torakolaparoskopik ezofaqektomiya mövzusunda video-mühazirəsi dinlənilib.

Professor Q.Müslümovun apardığı bir neçə əməliyyat – prostat vəzinin xoşxassəli hiperplaziyasının transuretral rezeksiyası, uretranın distal bölümünün strikturasının endoskopik korreksiyası, Qoldşteyn üsulu ilə venada mikrocərrahiyyə əməliyyatları konfrans iştirakçıları üçün əməliyyat otağından birbaşa translyasiya olunub.
Bununla yanaşı, həmyerlimiz həm də konfransın bir neçə iclasına sədrlik edib.

© Tibb Qəzeti, Sentyabr, 2016
http://www.sehiyye.gov.az/tibb_qazeti.html


Paylaş: