STRESS – tosqun hüceyrələrin fəaliyyəti ilə əlaqəli xəstəliklərin (allergiya, Astma, qıcıqlanmış bağırsaq sindromu və s. )əmələ gəlməsində və kəskinləşməsində mühüm faktordur. Tosqun hüceyrələrin stressə reaksiya göstərməsinin gerçək bir fakt olmasına baxmayaraq ,belə bir cavab reaksiyasının konkret mexanizmi indiyə qədər alimlər tərəfindən öyrənilməmişdir.
ABŞ-ın Miçiqan Universitetinin (Michigan State University) alimləri tərəfindən stressin müəyyən tiplərinin tosqun hüceyrələrə necə təsir etdiyinə və bu təsirlərə qarşı hüceyrələrin necə aktiv reaksiya göstərərək ciddi xəstəliklər yaratmasına dair yeni məlumatlar əldə olunmuşdur.Tədqiqatın nəticələri “Leykotsitlərin biologiyası” jurnalında dərc edilmişdir (http://onlinelibrary.wiley.com/doi/10.1189/jlb.2HI0317-088RR/abstract).
Aparılmış tədqiqatlar göstərmişdir ki, CRF1 reseptoru (Corticotropin-releasing hormone receptor 1), tosqun hüceyrələrə siqnal göndərə və onların aktivliyinə təsir göstərə bilir. Belə ki, tədqiqatlar çərçivəsinədə alimlər iki fərqli stress halının (psixoloji və allergik) təsiri altında siçovullarda histamin reaksiyasını müqayisə ediblər. Adi qrupa daxil olan siçovulların tosqun hüceyrələri normal sayda CRF1 reseptorlarına , süni olaraq yetişdirilmiş siçovulların tosqun hüceyrələri isə aşağı səviyyədə CRF1 reseptorlarına malik olmuşdur.
Təcrübə göstərmişdir ki, stresə məruz qalmış “normal” siçovullarda histaminin səviyyəsi və xarakterik xəstəliklərin yaranma tezliyi yüksək olduğu halda , az retseptorlara malik olan siçovullarda histaminin səviyyəsi və müvafiq olaraq xəstəliklərin yaranma riski də aşağı olmuşdur. Bundan əlavə, ikinci qrup siçovullar hər iki stress növünə yüksək dözümlülük göstərmişlər.
CRF1 reseptorları defisit olan siçovullar süni surətdə allergik stressə məruz qaldıqda “normal” siçovullara nisbətən 54% az, psixoloji stress vəziyyətində isə 63% daha az xəstələnmişlər. Bu o deməkdir ki, bu tip reseptorlar müxtəlif stress faktorlarının yaratdığı bəzi xəstəliklərin meydana gəlməsində və inkişafında cox mühüm rol oynayır.
Bu tədqiqatın nəticələri astma, ekzema və dermatit kimi digər geniş yayılmış xəstəliklərin, eləcə də qastrit, bronxit və qıcıqlanmış bağırsaq sindromunun bəzi növlərinin müalicə üsullarını radikal şəkildə dəyişdirə bilər. Alimlər hesab edirlər ki, bu xəstəliklərdən əziyyət çəkən insanları müalicə etmək və onların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün tosqun hüceyrələrin reseptorlarına diqqət etmək lazımdır.