Konqresin son günü Monolit plaza otelinin 2 zalında parallel olaraq keçirildi. Ötən ildə olduğu kimi, 2. Azərbaycan –Alman –Türk Tibb Konqresinin son günündə Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin 2-ci Konqresi keçirilmişdir. İclası giriş sözü ilə açan cəmiyyətin sədri prof. Q.Müslümov qonaqları salamlamış və az invaziv cərrahların konqrsin açıq elan etmişdir. Natiq cəmiyyətin yaranma tarixçəsinə nəzər salmış və 2 il ərzində keçirilmiş tədbirlər və yeni proyektlər haqda auditoriyaya məlumat vermişdir. Sonra E.Əhmədov “ Laparoskopik donor Nefrektomiyası” adlı prezentasiya ilə çıxış edərək son illər aparılan bu əməliyyatın özəlliklərindən bəhs edərək üstünlüklərini xüsusən vurğulamışdır.
Ginekoloq İ.Quliyeva “Təkport ginekoloji laparoskopiya: hal hazırki trendlər, perspektivlər” adlı mühazirə ilə təkport laparoskopik əməliyyatlar haqda ətraflı məlumat Verdi və bu əməliyyatların ginekoloji praktikada özünə məxsus yerini qeyd etdi.
Dr. İ.İsmayılov “Qastroezofageal keçıdın sislərində minimal invaziv yanaşmalar: şəxsi təcrübəmiz ” adlı prezentasiyada şəxsi təcrübələrinə əsaslanan qastroezofageal nahiyyədə aparılan laparoskopik əməliyyatlar barədə ətraflı məlumatlar verdi.
İclasın son mühazirəsi Azərbaycanda ilk laparoskopik əməliyyat icra edən G.Rüstəmovun idi. “Əməliyyatdan sonrakı yırtıqların laparoskopik müalicəsi ” adlı prezentasiyası ilə konqresə xüsusi rəng qatdı.
Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin iclası ilə eyni zamanda “Monolit Plaza” otelinin digər zalında Tələbə forumu keçirildi. Forumu Saarland Universitet Klinikasında Ürək və damar cərrahiyəsi şöbəsinin əməkdaşı Pərviz Əliyev öz çıxışı ilə açdı. Öz çıxışında P. Əliyev azərbaycanlı tələbə, rezident və həkimlər üçün Almaniyada təhsil və ixtisaslaşma imkanları mövzusunda danışdı və tələb olunan dil sertifikatları, sənədlər, təqaüd imkanları barədə məlumat verdi.
Daha sonra Panace4u təşkilatının direktoru Wolfgang Wannof bu mövzunu davam edərək Almaniyada işləmək arzusunda olan xarici həkimlər üçün mövcud reallıqlar haqqında daha ətraflı danışdı. Çıxışçı, ixtisaslaşmaq üçün lazım olan imtahanlar, formallıqlardan əlavə, həmçinin xarici həkimin Almaniyada qarşılaşacağı real problemlər və gözləntilər barədə də məlumat verdi.
Wannofun çıxışından sonra Forumun əsas hissəsi, yəni iştirakçıların təqdimatları başladı. Ilk təqdimatı Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Əkbərzadə Nərmin etdi və “Bariatrik və metabolik cərrahiyə” adlı işini təqdim etdi. Çıxışında referent bariatrik cərrahiyənin inkişaf tarixi barədə qısa məlumat verdikdən sonra, istifadə olunan texnikaları, müxtəlif növ əməliyyatları təsvir və müqayisə etdi, göstəriş və əks-göstərişləri sadaladı. Sonda çıxışçı qeyd etdi ki, indiki dövrdə piylənmə aktual və getdikcə daha da yayılan problem olduğuna görə, metabolik cərrahiyənin böyük gələcəyi vardır.
Ikinci referent Hüseynova Ləman da həmçinin ATU-nin 5-ci kurs tələbəsi olub, “Peritoneal karsinomatozın müalicəsində intraperitoneal kimyəvi terapiya: HİPEC və PİPAC” adlı işini təqdim etdi. Tələbə çıxışında peritoneal karsinomatoz xəstəliyi və xəstələrin yaşama göstəriciləri barədə ümumi məlumat verdikdən sonra, müalicə metodlarını təhlil etdi. Belə ki, müxtəlif tədqiqatların nəticələrinə əsaslanıb müqayisə edərək referent belə nəticəyə gəldi ki, innovativ metod olan PİPAC daha üstün olsa da, onun yeni tədqiqatlara ehtiyacı vardır.
“Qalxanabənzər vəz düyünlərində müasir diaqnostik və müalicəvi yanaşmalar” adlı üçüncü təqdimatda Respublika Klinik xəstəxanasının 3-cü il rezidenti Quluzadə Fidan müasir biopsiya metodu – Fine Needle Aspiration, onun üstünlükləri, texnikası, informativliyi və differensial diaqnostikada əhəmiyyəti barədə məlumat verdi.
Forumun sonuncu referenti ATU-nin 6-cı kurs tələbəsi Qafarlı Səmra isə “Robotik və Laparoskopik cərrahiyə” adlı çıxışında ən son texnologiya nailiyyəti olan robotik cərrahiyə barədə son dərəcə ətraflı məlumat verdikdən sonra, bu metodu laparoskopik texnika ilə müqayisə etdi. Təqdimatında çıxışçı həmçinin robotik cərrahiyənin gələcəyi, mümkün inkişaf istiqamətləri və qarşısında duran problemlər barədə də danışdı. Çıxışını tamamlayaraq referent onu da qeyd etdi ki, robotlar insanı imitasiya edə bilsə də, əvəz edə bilməzlər və əməliyyatların uğuru həmişə cərrahın professional hazırlığından asılı olacaq.
Bütün çıxışlar başa çatdıqdan sonra münsiflər heyəti balları toplayaraq qalibi müəyyən etdi. Beləliklə, balların cəminə görə 1-ci yerə Hüseynova Ləman layiq görüldü. Tələbə forumunun qalibi Almaniyada pulsuz 1 aylıq praktika keçmək şansını qazandı.
Forum başa çatdıqdan sonra Mediclin və Asklepios klinika şəbəkələrinin xarici əlaqələr şöbəsinin nümayəndələri adı çəkilən şəbəkənin təqdimatını edərək, iştirakçıları təklif etdikləri imkanlar, ixtisas yerləri və istiqamətlər barədə məlumatlandırdılar.