Bakıda transplantoloqların ikinci beynəlxalq konqresi sona çatmışdır

İyunun 1-də Bakıda orqan və toxumaların köçürülməsinin aktual problemlərinə dair keçirilən II beynəlxalq konqres öz işini artıq yekunlaşdırmışdır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin razılığı ilə Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə təşkilatçılığı ilə keçirilən konqresdə Azərbaycanla yanaşı, ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə və Orta Asiya ölkələrindən 500-ə qədər nümayəndə iştirak edir. Həmçinin Dünya Transplantasiya Cəmiyyətinin sədri professor Filipp O´Conelli (Avstraliya) və digər görkəmli alimlər tədbirə dəvət olunublar.

Açılış mərasimində Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri, professor Mehmet Haberal çıxış edərək I beynəlxalq konqresin ötən il Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirildiyini xatırladıb. Bildirib ki, iyunun 3-dək davam edəcək konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə, kadrların və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması (meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaq.

Tədbirdə qeyd edilib ki, TDTD 2014–cü ildə Türkiyə, Azərbaycan, Orta Asiya dövlətlərinin transplantoloqları, nefroloqları, cərrahları daxil olmaqla dünya şöhrətli alim, Türkiyə Transplantasiya Cəmiyyətinin sədri professor Mehmet Haberal tərəfindən yaradılıb.

Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev bildirib ki, orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Daha sonra Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul edib. Məlumat verilib ki, müstəqil Azərbaycanın tarixində isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib. Azərbaycanda böyrəkköçürmə və qaraciyər köçürmə əməliyyatları ilə yanaşı, Respublika Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası da uğurla aparılır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla həyata keçirilib. M.Quliyev onu da diqqətə çatdırıb ki, Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduqdan sonra meyitdən orqan köçürülməsi həyata keçiriləcək. Bunun üçün müvafiq klinikalar, həkimlər, hüquqşünaslar və din xadimlərindən ibarət komanda olmalıdır. Çünki dünya ölkələrinin təcrübəsi göstərir ki, bəzən biznes məqsədilə hələ dünyasını dəyişməmiş insanlardan orqan götürülməsi halları baş verir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə deyib ki, bu gün Azərbaycanda 620 orqan nəql olunmuş şəxsin dərman preparatları ilə təchizatı tamamilə dövlətin vəsaiti hesabına həyata keçirilir. Nazir müavini qeyd edib ki, hazırda Bakı və regionlardakı 35 hemodializ mərkəzində 3 minə qədər xəstə hemodializ seansları alır. Artıq transplantasiya əməliyyatları, nəinki paytaxtda, regionlarda da uğurla keçirilir.

Konqres işini plenar iclaslarda davam etdirib. İclaslarda transplantologiyanın müxtəlif problemləri ilə bağlı çıxışlar dinlənilib diskussiyalar aparılıb və elmi-praktiki seminarlar keçirilmişdir.


Paylaş: