Bakıda IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək

AZƏRTAC-ın   yaydığı məlumata görə   Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək.

Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq davamlı tibb təhsil üzrə 34 davamlı tibb təhsili balı ilə qiymətləndirilib.

M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümovun AZƏRTAC-a verdiyi məlumata görə, konqresdə Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professorlar ekspert və referent qismində iştirak edəcəkdir.

Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş 800 nəfərə yaxın konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, aktual problemlər ətrafında diskussiyalar aparılacaq və azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutacaqdır.

Onu da qeyd edək ki, konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr ediləcək.

AZƏRTAC    xəbər verir ki, Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçiriləcək. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli təlim təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.

Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək.

Konqres və təlimlərin rəsmi açılış mərasimi aprelin 26-da “Monolit Plaza” otelində keçiriləcək


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: