Azərbaycanlı professor rusyalı cərrahlar üçün master klass dərsləri verəcək

      7-9 sentyabr 2016-cı il tarixində Rusiya Federasiyasının Maxaçkala şəhərində Endoskopik Cərrahiyyə üzrə master klass ilə II Beynəlxalq Konqres keçiriləcək. Konqres zamanı yerli cərrahlarla yanaşı həm də Rusiyadan və qonşu ölkələrdən  qonaq kimi gəlmiş cərrahlar üçün canlı əməliyyatlar və master klasslar keçiriləcək.

      Qürurverici faktdır ki, bu cərrahiyyənin ən mürəkkəb sahələri üzrə master klasslar vermək üçün dəvət edilənlər arasında Fransadan, Almaniyadan mütəxəssislərlə bir sırada azərbaycanlı professor Qurbanxan Müslümov da var. Məlumat üçün bildirək ki, professor Q.Müslümov artıq uzun illərdir Almaniyada cərrahiyyə üzrə ixtisas təhsilini başa vurduqdan sonra Alman Cərrahlar Cəmiyyəti və Avropanın cərrahiyyə üzrə təhsil verən bir sıra treyninq mərkəzlərində treyner kimi fəaliyyət göstərir.

      Dağıstanda təşkil edilən bu konqresdə də azərbaycanlı cərrah canlı əməliyyatlarla yanaşı iştirakçılar üçün cərrrahiyyənin ən ağır problemləri olan – “Qida borusu xərçəngi zamanı torakolaparoskopik cərrahi taktika” və “Yoğun və düz bağırsaq xərçənglərinin müasir müalicə üsulları” barədə məruzələr oxuyacaq. Bununla yanaşı professor bir neçə iclaslara da sədrlik edəcək. 


Paylaş: