Almaniyanın Rheinland-Pfalz torpağının ministerprezidenti 2-ci Azərbaycan-Alman-Türk Tibb Konqresinə təbrik məktubu göndərmişdir

Artıq məlumat verildiyi kimi, 2016-cı ilin 21-25 aprel tarixlərində baş tutacaq 2-ci Azərbaycan-Alman-Türk Tibb Konqresində Almaniya, İsveçrə, Türkiyə və s. ölkələrdən 15-dən çox tanınmış alimlər iştirak edəcək. Bu Konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu günlərdə Konqresin təşkilat komitəsinə belə mötəbər bir tədbirin keçirilməsi münasibətilə təbrik məktubu yazan Almaniyanın Rheinland-Pfalz torpağının ministerprezidenti Malu Dreyer də öz məktubunda  bu məqamı xüsusi vurğulamışdır.

2013-cü ildən Rheinland-Pfalz torpağında Ministerprezident vəzifəsində fəaliyyət göstərən Malu Dreyer məktubunda həmçinin qeyd edir ki, bu Konqres tibb sahəsindəki ixtisas biliklərinin ölkələr arasında şəbəkələşməsinə, bununla da xəstəliklərin vaxtında aşkarlanmasına və insanların sağlamlığının qorunmasına şərait yaradır.  Ministerprezident onu da vurğuladı ki, “Bütün bunlardan başqa Beynəlxalq Konqres ölkələrimiz və insanlarımız arasında mədəni və sosial əlaqələri daha da dərinləşdirir”.

Sonda Malu Dreyer Konqresin bütün təşkilatçılarına, xüsusən də Konqresin Təşkilat Komitəsinin sədri, Milli Onkologiya Mərkəzinin Baş Direktoru Prof. C.Əliyevə Konqresin təşkili və bu yöndə qoyduqları gərgin əməyə görə minnətdarlığını bildirir, bütün Konqres iştirakçılarına, həmçinin referentlərə mənalı müzakirələr və öz vaxtlarının dəyərli keçməsini arzu edir.


Paylaş: