Tədbir ilk öncə konqres prezidentlərinin xarici qonaqlarla birgə Ulu öndər Heydər Əliyevin məzarının ziyarətilə başladı. Sonra Monolit Plaza otelində açılış mərasimi baş tutdu. Açılışı nitqi ilə çıxış edən konqresin prezidenti, Alman-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, prof. Qurbanxan Müslümov iştirakçıları salamlayaraq Azərbaycan-Alman-Türk əməkdaşlığının tarixçəsi barədə danışaraq, bu əməkdaşlığın təməlində uzun illər boyu davam edən ölkələrarası dostluq munasibətlərilə yanaşı tibb alimləri arasında olan münasibətlərin də vacibliyini qeyd etdi. Kongresin Almaniyadan olan Prezideti, Hannover Universitet Klinikasının professoru M.Gebel Almaniya ilə Azərbaycan arasında uzun illər davam edən tibbi əməkdaşlığın tarixini və bu gün verdiyi bəhrədən danışdı. Prof. M.Gebel də öz növbəsində bu gün təşkil olunan beynəlxalq konqresin ümumilikdə tibbin inkişafında önəmli mühüm rol oynadığını vurğuladı. Professor həmçinin konqres çərçivəsində təşkil olunan ultrasonoqrafiya treyninqlərində Almaniyada lap yeni istifadəsinə başlayan maddələrlə ən müasir avadanlıqlardan istifadə etməklə iştirakçılara tədris ediləcəyi barədə məlumat verdi.
Konqresin Türkiyədən gələn qonağı prof.M.Taskın öz növbəsində qardaş ölkədə olduğundan məmnunluq duyduğunu bildirdi və nitqinə Ulu öndər Heydər Əliyevdən “Azərbaycan və Türkiyə iki dövlət- bir millət” ifadəsini sitat gətirərək başladı. Natiq son illər tibb sahəsində müşahidə edilən sürətli inkişafın Avropa ölkələri ilə yanaşı Türkiyə və Azərbaycanda da nəzərə çarpdığını vurğuladı.
Sonra söz Türkiyənin Azərbaycanda Fövqaladə və Səlahiyyətli Səfiri, zati-aliləri Alper Coşkuna verildi. Səfir qonaqları salamlayaraq Azərbaycan, Türkiyə və Almaniyanın əməkdaşlığı ilə ərsəyə gələn bu konqes haqda öz ürək sözlərini söylədi.Ölkələrarası digər əməkdaşlıqlarla yanaşı tibbi əməkdaşlığın da vacibliyini vurğulayan səfir, bütün sahələrdə elmi yeniliklərin bu cür bilik və təcrübə mübadilələri sayəsində geniş insan kütlələri arasında yayıldığını söylədi.
Tibb Universitetinin birinci prorektoru prof. Sabir Əliyev qonaqları və iştirakçıları salamlayaraq ATU-nun rektoru, professor Gəray Gəraybəylinin konqresə təbriklərini iştirakçılara çatdırdı. Prorektor daha çox tibb tələbələrinin tədrisi üçün faydalalı olan bu tip konqres və treyninqlərin əhəmiyyətini xüsusi vurğuladı və konqresə uğurlar arzuladı.
Sonra Milli Məclisin deputatları İlham Məmmədov və Rəşad Mahmudov da öz növbəsində Alman-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən uzun illərdən bəri təşkil olunan beynəlxalq konqreslərdə hər zaman iştirakdan məmnunluq duyduqlarını qeyd edərək bu tip tədbirlərin Azərbaycanda tibbin inkişafında müstəsna rol oynadığını qeyd etdilər. Bu gün regionda bu səviyyəli treyninqlərin təşkil edildiyi azsaylı kogreslərdən növbətisinin Azərbaycanda təşkil edilməsində qürur duyduqlarını söyləyən millət vəkilləri konqresin işinə və iştirakçılara uğurlar arzuladılar.
Konqres sabah öz işini iclaslar, diskussiyalar və treyninqlərlə davam etdirəcək.